CƏMİYYƏT
Vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi istintaq zamanı ödətdirilib
Bakı, 22 yanvar, AZƏRTAC
Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31 min 539 cinayət işindən 81 faizinin istintaqı daxili işlər orqanlarının müstəntiqləri tərəfindən aparılıb. Vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi məhz istintaq zamanı ödətdirilib.
AZƏRTAC xəbər verir ki, bunu yanvarın 22-də Daxili İşlər Nazirliyində keçirilmiş kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov deyib.
Vilayət Eyvazov qeyd edib ki, xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində Azərbaycan Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin icrası daim nəzarətdə saxlanılıb və tam yerinə yetirilib. Nazirliyin rəhbərliyi tərəfindən 4405, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə 64 şəhər və rayondan olan 965 vətəndaşın qəbulu həyata keçirilib. Qəbullarda qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub.