DÜNYA
Vyanada BMT-nin sabiq baş katibinin adına beynəlxalq mərkəz açılıb
Vyana, 3 yanvar, AZƏRTAC
Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin sabiq baş katibi Pan Gi Munun adını daşıyan beynəlxalq mərkəzin açılışı olub. Qlobal vətəndaşlar üçün Pan Gi Mun Mərkəzi adlanan qurumun açılışında Avstriyanın keçmiş Prezidenti Haynts Fişer, kansler Sebastian Kurts və sabiq baş katib şəxsən iştirak ediblər.
Tədbirdə çıxış edən Pan Gi Mun BMT-nin davamlı inkişaf hədəflərinə uyğun yeni bir mərkəzin təsis olunmasında göstərdiyi dəstəyə görə Avstriyanın sabiq dövlət başçısı Haynts Fişerə təşəkkürünü bildirib. Baş katib qeyd edib ki, mərkəz üçün qərargah seçilərkən tarixi irsinə və beynəlxalq diplomatiyada göstərdiyi dinamikliyə görə Vyana şəhəri üzərində dayanılıb. Mərkəzin hədəfləri sırasında qadınların və gənclərin öz müqəddəratını təyinetmə hüququ, cəmiyyətdə mövqelərinin gücləndirilməsi, dünyada bütün uşaqlar üçün təhsil imkanlarının artırılması, eyni zamanda, beynəlxalq münaqişələrin dinc yolla həllinə töhfə verilməsi dayanır.
Avstriya Prezidenti Aleksander Van der Bellen xoşməramlı təşəbbüs göstərən hər iki ictimai xadimi təbrik edib, əsasən gənclərlə işi hədəfə alan mərkəzə öz ambisiyalı proqramını reallaşdırmaqda uğurlar arzulayıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana