DÜNYA
Worldometer: Dünyada koronavirusdan ölənlərin sayı 6 milyonu ötüb

Bakı, 4 mart, AZƏRTAC
Dünya üzrə COVID-19 infeksiyası səbəbindən ölənlərin sayı 6 milyon nəfəri ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, martın 3-də bütün dünyada koronavirusa 1 milyon 613 min 397 yoluxma və 7 min 646 ölüm faktı aşkarlanıb. Bununla da yoluxanların ümumi sayı 441 milyon 991 min 188 nəfərə, ölənlərin sayı isə 6 milyon 846 nəfərə çatıb. Həmçinin 374 milyon 925 minə yaxın insan CPVID-19 infeksiyasından sağalıb.
ABŞ COVID-19 infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada liderlik edir. Ölkədə koronavirusa 80 milyon 843 mindən çox insan yoluxub, onlardan 981 min 729 nəfəri həyatını itirib.
Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 42 milyon 951 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 514 min 620 nəfər vəfat edib.
Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 28 milyon 906 min nəfər virusa yoluxub, onlardan 650 min nəfəri koronavirusun qurbanı olub.
Qeyd edək ki, ilk dəfə 2019-cu il dekabr ayının sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində qeydə alınan COVID-19 infeksiyası qısa müddət ərzində bütün dünyaya yayılıb. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.