REGİONLAR
Xaçmazlı fermerlərə güzəştli şərtlərlə 50 tonadək mineral gübrə satılıb
Xaçmaz, 22 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Səyyar satışdan yararlanan xaçmazlı təsərrüfatçılar ammofos və nitroammofoska kimi mövsümi gübrələri 70 faiz güzəştlə əldə ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 22-də “Aqrolizinq” ASC tərəfindən Xaçmaz rayonunda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib. Uzunoba kəndində təşkil olunan səyyar satışda rayonun 8 kəndindən olan 100-dək fermerə 50 tonadək mineral gübrə satılıb.
“Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin sakinlərə cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Şimal bölgəsində mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı oktyabrın 23-də Xudatda və oktyabrın 24-də Qusar rayonunun Urva kəndində təşkil olunacaq.