MƏDƏNİYYƏT
Xalq Artisti Ələddin Abbasovun 90 illik yubileyi qeyd ediləcəkdir
Gəncə, 30 iyun (AZƏRTAC). İyulun əvvəllərində Xalq Artisti, tanınmış aktyor Ələddin Abbasovun Gəncədə 90 illik yubileyi qeyd ediləcəkdir.
1922-ci ilin mayında Gəncədə anadan olan xalq artisti ömrünün sonunadək Gəncədəki Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. O, xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə Veysəlova, Məmməd Bürcəliyev, Sədayə Mustafayeva, Zülfüqar Baratzadə və digər tanınmış aktyorlarla çiyin-çiyinə çalışmış, ümumilikdə 70 ildən artıq yaradıcılıq yolu keçərək yüzlərlə dramatik və komediya rolları ifa etmiş, 20-dən artıq filmdə çəkilmişdir.1958-ci ildə respublikanın Əməkdar Artisti, 1971-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülən sənətkar “Koroğlu” filmində səfir, “Mən ki, gözəl deyildim”də İmran, “Özgə ömrü”ndə ata, “Qatır Məmməd”də Məşədi Göyüş, “Nizami”də Xaqani rollarını məharətlə ifa etmişdir. Xalq Artistinin ən böyük və yaddaqalan obrazı isə “Dəli Kür” filmindəki Cahandar ağa obrazıdır.
Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımovun AZƏRTAC-a verdiyi məlumata görə, artıq yubileyə hazırlıq işləri başa çatmaq üzrədir. Hamı çalışır ki, görkəmli aktyorun 90 illiyi Gəncədə əsl teatr bayramına çevrilsin.