MƏDƏNİYYƏT
Xətai Rayon İcra Hakimiyyətində milli mətbuatımızın 136-cı ildönümü münasibətilə tədbir keçirilmişdir
Bakı, 21 iyul (AZƏRTAC). İyulun 21-də Xətai Rayon İcra Hakimiyyətində milli mətbuatımızın 136-cı ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayonun sosial-iqtisadi inkişafında görülən işlərin işıqlandırılmasında yaxından iştirak edən bir qrup KİV nümayəndəsi mükafatlandırılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik etmiş və Azərbaycan milli mətbuatının keçdiyi zəngin və şərəfli inkişaf yolundan danışmışdır. Bildirmişdir ki, məhz ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində ölkəmizdə söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmışdır. KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin daha da gücləndirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
Digər çıxış edənlər də müstəqilliyini bərpa edən ölkəmizdə mətbuat sahəsində qazanılan uğurlardan söz açmışlar. Dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının vacibliyi vurğulanmışdır.
Tədbirin sonunda Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrinə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilmişdir.