CƏMİYYƏT
Xəzər rayonu üzrə gənclərin yerli məşvərət şurasının ilk təlimləri keçirilib
Bakı, 14 aprel, AZƏRTAC
Xəzər Gənclər Evində keçirilən təlimdə gənclər karyera planlama və şəxsi inkişaf üzrə təlimçi, TEDx spikeri Fəxri Məhəmmədzadənin təqdimatı ilə komanda quruculuğu, layihələrin idarə olunması, həllyönümlü layihə idarəetməsi, büdcənin müəyyən olunması, kommunikasiya, sorğu və tədqiqat bacarıqları haqqında bilik və bacarıqlara yiyələnib.
Xəzər Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə idarənin rəisi Vüqar Əliyev, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) layihələr üzrə əlaqələndiricisi Ramilə El-oğlu çıxış edərək beş rayonda “Gənclərin yerli məşvərət şuralarının yaradılması” layihəsinin mahiyyəti və bu layihənin gənclərin gələcək karyerasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
ARGTMŞ və UNICEF-in nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, “Gənclərin yerli məşvərət şuralarının yaradılması" layihəsi Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin texniki dəstəyi, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə beş rayonda həyata keçirilir.