ELM VƏ TƏHSİL
Xəzər Universiteti ilə MİTEK şirkətlər qrupu arasında birgə fəaliyyət haqqında müqavilə imzalanıb
Bakı, 7 fevral, AZƏRTAC
Xəzər Universitetində bu ali təhsil ocağının texnoparkının və Türkiyənin MİTEK şirkətlər qrupunun birgə fəaliyyətinə həsr edilmiş konfrans keçirilib. Konfrans Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə reallaşıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın və Türkiyənin iş adamları iştirak ediblər.
Konfrans Azərbaycan dövlət himninin və Türkiyənin istiqlal marşının səslənməsi ilə başlayıb.
Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı, MİTEK şirkətlər qrupu idarə heyətinin sədri Cenk Polat, Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, təhsil nazirinin müavini Firudin Qurbanov, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov yaradılacaq texnoparkın əhəmiyyətindən danışıb, Azərbaycanın ilk sənaye mərkəzli texnoparkının yaradılmasına ehtiyac olduğunu vurğulayıblar.
Sonda Xəzər Universiteti ilə MİTEK şirkətlər qrupu arasında birgə fəaliyyət haqqında müqavilə imzalanıb.
Sənədi H.İsaxanlı və C.Polat imzalayıblar.