ELM VƏ TƏHSİL
Xəzər Universitetində yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilmişdir
Bakı, 17 sentyabr (AZƏRTAC). Xəzər Universitetində yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilmişdir.
Universitetdən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə universitetə yeni qəbul olunmuş tələbələr və onların valideynləri, bu özəl ali təhsil ocağının rəhbərliyi və professor-müəllim heyəti iştirak etmişlər.
Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı çıxış edərək, müəllim və tələbələri, xüsusən birinci kurs tələbələrini yeni dərs ilinin münasibətilə təbrik etmiş, onlara təhsildə yeni uğurlar arzulamışdır. O, həmçinin universitet haqqında geniş məlumat vermiş, əldə edilən nailiyyətlərdən danışmışdır.
Sonra H.İsaxanlı qəbul imtahanlarında ən yüksək bal toplamış gənclərə tələbə vəsiqələrini təqdim etmişdir.
Tələbələri adından Nadir Əlizadə çıxış edərək seçdikləri Xəzər Universitetində yaxşı mütəxəssis kimi yetişmək üçün nümunəvi təhsil alacaqlarına söz vermişdir.
Tədbir tələbələrin ifasında konsert proqramı ilə başa çatnışdır.