Xocalı - bəşər tarixində görünməmiş müdhiş faciə
Bakı, 25 fevral (AZƏRTAC). Naxçıvan Dövlət Universitetində (NDU) Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş müxtəlif səpgili silsilə tədbirlər - fakültə konfransları, kitab və rəsm sərgiləri, internet aksiyası ümumuniversitet konfransı ilə yekunlaşmışdır.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə rektor, akademik İsa Həbibbəyli Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırımını Ermənistanın XX əsrdə Azərbaycana qarşı yürütdüyü soyqırımı və deportasiya siyasətinin məntiqi davamı, ən müdhiş, tarixdə bənzəri olmayan faciə olduğunu vurğulamışdır. Xocalı soyqırımının Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Çexiya, həmçinin ABŞ-ın bir neçə ştatı tərəfindən rəsmi şəkildə tanınması, bir çox dövlətlərin parlamentlərində müzakirə mövzusu olması, Xocalı qətliamının tanınması məqsədi ilə Ağ evin rəsmi veb-səhifəsində yerləşdirilmiş petisiyaya səsvermə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində atılan addımlardır. Bugünkü ziyalı gənclik Vətənə, torpağa, azərbaycançılıq ideologiyasına sədaqətlə xidmət göstərməli, düşmənlərimizin törətdikləri faciələri unutmamalıdır.
Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamaonv “Xocalı soyqırımı zəmanəmizin ən dəhşətli faciəsidir” adlı məruzəsində faciənin köklü səbəbləri, siyasi məqsədi və günahkarları, Azərbaycan dövlətinin bu soyqırımının tanıdılması məqsədi ilə gördüyü işlərdən danışmışdır. Diqqətə çatdırılmışdır ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücumu nəticəsində qədim Xocalı yerlə-yeksan edilmiş, 613 nəfər yerli əhali öldürülmüş, dinc sakinlər - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. Bu müdhiş faciə tarixdən və Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcəkdir.
Konfransda tələbələrdən Çinarə Feyzullayeva və Şölə Novruzbəyli Xoclı faciəsindən bəhs edən şeirlər oxumuş, slaydlar və tarixi videokadrlar nümayiş etdirilmişdir.