XOCALI AĞRISI SƏNGİMİR
Bakı, 24 fevral (AZƏRTAC). Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Akademiyanın prorektoru, hüquq elmləri namizədi İlham Abbasov tədbiri açaraq, Xocalı soyqırımının Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri olduğunu bildirmişdir. O, fevralın 26-da erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birlikdə Xocalını yerlə-yeksan etməsi, onun sakinlərinə qarşı soyqırımı aktı törədilməsi, bunun da nəticəsində 613 nəfər dinc sakinin qəddarcasına öldürülməsi, 487 nəfərə ağır xəsarət yetirilməsi, 1275 nəfərin isə girov götürülməsindən danışmışdır.
Mövzu ətrafında çıxış edən Ədliyyə Akademiyasının əməkdaşları XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürən Ermənistanın işğalçılıq, əzəli Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti yeritdiyini bildirmiş, beynəlxalq ictimaiyyətin bir çox hallarda bu hadisələrə biganə qaldıqlarını təəssüflə qeyd etmişlər.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmiş, soyqırımı ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü işlər görülmüşdür. Natiqlər Xocalı həqiqətlərini əks etdirən çoxsaylı bukletlərin, videomaterialların dünya ölkələrində yayılmasında Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulamışlar.
Gənc Hüquqşünaslar Birliyinin Akademiyada ixtisasartırma kursu keçən üzvləri çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həllini tapacağına, əks təqdirdə isə erməni qəsbkarları tərəfindən zəbt edilmiş ərazilərimizin silah gücünə geri qaytarılacağına əminliklərini ifadə etmişlər.