MƏDƏNİYYƏT
Xocalı dəhşətlərindən bəhs edən monotamaşa Türkiyə səhnəsində
Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Elçin İmanovun rejissoru olduğu Aygün Həsənoğlunun “Adsız qadın” monotamaşasının Türkiyədə premyerası keçirilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xocalı qətliamından, xalqımızın tarixi soyqırımından bəhs edən tamaşa İstanbul Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə Üsküdar Kərəm Yılmazər Səhnəsində nümayiş olunub. Monotamaşada rolu aktrisa Kəmalə Kamilqızı ifa edib. Tamaşada Azərbaycan və türk musiqilərindən istifadə olunub.
Premyerada çıxış edən teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev deyib: “Xocalı dəhşətlərini, erməni vandallarının törətdiyi ağlasığmaz vəhşilikləri dünyaya bəyan etmək hər bir azərbaycanlının müqəddəs borcudur. Bu baxımdan səhnə əsərinin nümayişi faciənin bütün dəhşətlərini bir daha gündəmə gətirir. Tamaşanın maraqlı cəhətlərindən biri də teatr və kinonun sintez edilməsindədir. Səhnə əsərində Xocalı dəhşətlərini əks etdirən sənədli kadrlardan istifadə olunub. “Adsız qadın” monotamaşasında mənfur qonşularımızın vəhşiliklərini daha da kəsərli nümayiş etdirmək üçün müəyyən kütləvi səhnələr yer alıb. Bu səhnələrdə Türkiyədə yaşayan azərbaycanlılar, xüsusən də tələbələr iştirak ediblər”.