Xocalı faciəsi heç vaxt unudulmayacaq
Bakı, 26 fevral, Zərəngiz Mansurova, AZƏRTAC
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyində (İB) Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş “Xocalı yanğısı unudulmaz!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət ediblər.
İctimai Birliyin ofisində davam edən tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Milli Məclisin deputatı Rəşad Mahmudov, professor Əsədula Qurbanov, ehtiyatda olan polkovniklər Həmid Cəfərov, Sücəddin Abdullayev, İB-nin vitse-prezidenti Rasim Məmmədov, qurumun məsul katibi Yasəmən Möhöbbətqızı və başqaları soyqırımı bəşəriyyətə qarşı edilmiş cinayət adlandırıblar. Bildirilib ki, təkcə azərbaycanlılara deyil, bütövlükdə insanlığa qarşı törədilmiş bu faciə dünya ictimaiyyəti tərəfindən əsl hüquqi qiymətini almalı, soyqırımı kimi bütün dünyada tanıdılmalıdır.
Çıxış edənlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsinin ildən-ilə artdığını bildiriblər. Vurğulanıb ki, bu kampaniya çərçivəsində keçirilən tədbirlərin məqsədi Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası hazırda dünyanın bir çox ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib.
Bildirilib ki, faciənin əsl səbəbkarları gec-tez öz layiqli cəzalarını alacaqlar.