Xocalı gənc rəssamların gözü ilə....
Tbilisi, 26 fevral, AZƏRTAC
Öz əsərimlə Xocalı faciəsinin bütün ağırlığını insanlara çatdırmaq istəmişəm. Düşünürəm ki, qismən də olsa buna nail olmuşam.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan səfirliyinin təşkil etdiyi rəsm müsabiqəsində 18 yaşadək iştirakçılar arasında I yerə layiq görülmüş Həsən Nəbiyev deyib.
Tbilisidəki M.F.Axundov adına 73 nömrəli tam orta məktəbin 12-ci sinif şagirdi olan H.Nəbiyev bundan əvvəl də 44 günlük Vətən müharibəsi, eləcə də əlamətdar hadisələrlə bağlı maraqlı rəsmlər çəkib.
O deyib: “Xocalı ilə bağlı yaratdığı əsər “Sağalmaz yara” adlanır. Əsərə ona görə bu adı verdim ki, Xocalı faciəsindən 31 il keçsə də qəlbimizdə sağalmaz yara kimi qalıb. Əsərdə də gördüyünüz kimi, bizdən qoparılan bir parçanı, axan qanları, Xocalı faciəsinin əzab-əziyyətini göstərməyə çalışmışam. İstəyirəm ki, uşaqlar və gənclərimiz Xocalı ilə bağlı daha çox məlumatlansınlar və bu faciəni unutmasınlar”.
Onun sözlərinə görə, Xocalı faciəsini heç zaman unutmaq olmaz. Ən azından ona görə ki, unutsaq unudularıq.
Gənc rəssam əsərində akril və vitraj üsulundan istifadə edib.
Rəsm müsabiqəsinin digər iştirakçısı, Tbilisidəki “Avropa” Universitetinin tələbəsi Bella Qasımova da Xocalı soyqırımının sağalmaz yara, insanlığa sığmayan cinayət olduğunu bildirib. Onun sözlərinə görə, Xocalı soyqırımı barədə daha çox məlumatlar olmalıdır. Tələbə-gənclər arasında daha çox maarifləndirici tədbirlər keçirilməlidir.
“Xocalı həqiqətləri bütün dünyaya tanıdılmalıdır və insanlığa qarşı olan bu cinayəti törədənlər layiqli cəzalarını almalıdırlar”, - deyə B.Qasımova vurğulayıb.
Hər iki gənc rəssam hesab edir ki, təkcə Gürcüstanda yaşayan azərbaycanlı uşaqlar deyil, eləcə də gürcülər və digər millətlərin nümayəndələri də Xocalı barədə çəkilən rəsmlərdən təsirlənəcək və hamı bu cür cinayətkarlara qarşı mübarizəyə qoşulacaq.
Tbilisi