Xocalı soyqırımı: əsrin faciəsi
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş “Xocalı soyqırımı: əsrin faciəsi” adlı sərgi-tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru, professor Kərim Tahirov Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müvafiq sərəncamına uyğun olaraq tədbirlər təşkil edildiyini söyləyib. Bu faciənin təbliği istiqamətində Azərbaycan diaspora nümayəndələrinin xaricdə gördüyü işləri də xüsusi vurğulayıb.
Rəhbərlik etdiyi mədəniyyət müəssisəsinin bu istiqamətdə keçirdiyi tədbirlər barədə məlumat verən K.Tahirov bildirib ki, bugünkü sərgidə Xocalı faciəsinə aid kitabxananın fondunda olan həm Azərbaycan, həm də xarici dillərdəki ədəbiyyatlar nümayiş olunur.
Milli Məclis Aparatının analitik informasiya şöbəsinin müdiri Aydın Ağayev ölkədə və xaricdə Xocalı soyqırımına həsr olunmuş tədbirlərin keçirildiyini vurğulayaraq bütün bu işlərin Azərbaycanın haqq işinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Bildirib ki, Xocalı faciəsi ermənilərin Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirmək istəyinin nəticəsidir.
Diqqətə çatdırılıb ki, faciədən keçən bu müddət ərzində çox işlər görülüb. Faciəyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Məhz ondan sonra xaricdə təbliğatın hansı ideoloji əsaslar üzərində qurulması müəyyən edilib və dünyada bu faciənin tanınması istiqamətində işlər görülməyə başlanıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kompaniyası sayəsində 2008-ci ildən təbliğat istiqamətində bir dönüş yaranıb. Vurğulanıb ki, artıq Xocalı soyqırımı bir çox ölkələr, o cümlədən ABŞ-ın 20 ştatı tərəfindən tanınır. MDB ölkələri və Avropada bu istiqamətdə səyləri gücləndirməyin vacibliyi vurğulanaraq bildirilib ki, bu faciəni beynəlxalq hüquq müstəvisində də təsdiq etmək üçün işlərə başlanılıb.
Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin baş mütəxəssisi Elbəy Əli nazirliyin bu istiqamətdə apardığı təbliğat işlərindən, beynəlxalq kitab sərgi yarmarkalarında faciəni əks etdirən kitabların sərgilənməsindən, dünyanın bir çox ölkələrində faciənin soyqırımı kimi qəbul edildiyindən danışıb.
Sonda tədbir iştirakçıları “Xocalı soyqırımı: əsrin faciəsi” adlı kitab sərgisi ilə tanış olublar.