Xocalını unutmayaq
Bakı, 26 fevral, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş “Xocalını unutmayaq” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı soyqırımında amansızcasına qətlə yetirilən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva Xocalıda baş verən dəhşətli faciədən söz açıb. Bildirib ki, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında bildirib ki, Xocalı faciəsi ilə bağlı Bakı şəhərində və bölgələrimizdəki mədəniyyət ocaqlarında, teatr və incəsənət müəssisələrində silsilə tədbirlər keçirilir. Bu, bir daha göstərir ki, Xocalıda günahsız soydaşlarımızın başına gətirilən müsibətlər heç vaxt yaddaşlardan silinməyəcəkdir.
Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman vurğulayıb ki, Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən faciə qurbanlarının xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bugünkü tədbir də onların davamıdır.
Natiq deyib: “Biz hər zaman vətənpərvərlik mövzusunda müxtəlif tədbirlər təşkil edirik. Hazırkı tədbirdə yetişməkdə olan gənc nəslin nümayəndələrinin iştirakı təsadüfi deyil. Onlar bilməlidirlər ki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir. Bu tarix bizim qan yaddaşımızdır. Böyüyən nəsil tarixin bu səhifəsini yaddaşına həkk etməli və heç zaman unutmamalıdır”.
Tədbirdə Milli Məclisin deputatları Vahid Əhmədov və Fazil Qəzənfəroğlu çıxış edərək bildiriblər ki, erməni cəlladlarının keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının dinc azərbaycanlı əhalisinə görünməmiş qəddarlıqla divan tutması daşnak şovinizminin iç üzünü, onun mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Həmin müdhiş gecədə 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106-sı qadın, 70-i qoca və ahıllar idi. Ermənilər dinc əhaliyə - körpəyə, uşağa, qadına, xəstəyə, qocaya belə aman verməyiblər, onları dəhşətli işgəncələrlə öldürüb, meyitlərə qarşı təhqiramiz hərəkətlərə yol veriblər.
Mərasimdə çıxış edən digər natiqlər bildiriblər ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası real nəticələr verməkdədir.
Tədbirdə uşaq muzeyi şöbəsinin rəsm dərnəyi və “İdrak” liseyinin hazırladığı “Xocalı-23 il” sərgisi, lisey şagirdlərinin ifasında “Xocalı faciəsi” adlı tamaşa və Kino Xidməti İdarəsinin Xocalı faciəsinə həsr etdiyi “92-ci ilin qarı” adlı sənədli film nümayiş olunub.