REGİONLAR
Xocavəndli gənclər şəhidlər məzarlığını ziyarət ediblər
Beyləqan, 4 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xocavənd Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə fəal gənclərin Xocavənd şəhidlər məzarlığına ziyarəti təşkil olunub. Məqsəd Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini anmaq, qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolunu gənclərə nümunə göstərərək onların vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənclər şəhidlərin məzarları önünə tər güllər düzüb, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Ermənistan silahlı bölmələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına başlamasından, 44 gün davam edən Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı qələbədən, hərbçilərimizin igidliyi, şücaəti nəticəsində 30 illik Vətən həsrətinə son qoyulmasından danışıblar. Bildirilib ki, Vətən müharibəsində Azərbaycan gəncləri vətənpərvərliklərini və doğma yurda bağlılıqlarını bir daha dünyaya nümayiş etdiriblər. Gənclərimiz işğal altında olan torpaqlarımızın azad edilməsində və tarixi Zəfərin qazanılmasında böyük qəhrəmanlıq, əzmkarlıq, igidlik və vətənpərvərlik nümunələri göstəriblər. Xalqımız Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman əsgər və zabitlərimizin əziz xatirəsini daim yaşadacaq, əziz tutacaq.