DÜNYA
Xorqe Mario Berqolio (I.Fransiskus) Roma-katolik kilsəsinin yeni pontifiki seçilmişdir
Vyana, 13 mart (AZƏRTAC). Roma Papası XVI Benedikt bu ilin fevral ayında gözlənilmədən istefa verdikdən sonra Roma-katolik kilsəsinə yeni başçının seçilməsi ilə bağlı seçki hüququna malik 115 kardinal martın 12-dən etibarən Vatikanda yerləşən Müqəddəs Sikstin kapellasında toplaşmışdı.
Martın 13-də axşam saatlarında kapellanın bacasından çıxan ağ tüstü Pyotr meydanında intizarla gözləyən minlərlə insana yeni papanın seçildiyini xəbər vermişdir. Bununla da 1,2 milyard nəfər katoliki ətrafında birləşdirən Roma-katolik kilsəsi ilə yanaşı, eyni zamanda, Vatikan dövlətinin başçısının seçilməsi təsdiqlənmişdir.
Axşam saatlarında kardinalprotodiakon (ən yaşlı kardinal) Yan-Luis Tauran tərəfindən yeni pontifikin seçilməsi elan olunmuşdur. Müqəddəs Pyotr kilsəsinin eyvanından „Annuntio vobis gaudium magnum: habemus Papam” („Sizə böyük bir sevinci müjdələyirəm: Bizim papamız var”) müjdəsi verildikdən sonra əvvəlcə yeni papanın adı (Buones-Ayres (Argentina) yepiskopluğunun baş yepiskopu, yezuit ordeninin nümayəndəsi, 76 yaşlı kardinal Xorxe Mario Berqolio), onun ardınca isə yeni pontifikin özünə seçdiyi ad (I.Fransiskus) latınca elan olunmuşdur.
Yeni seçilmiş pontifik Pyotr meydanına toplaşmış iki yüz mindən artıq mömin qarşısında „Urbi et orbi” („Şəhərə (Romaya) və yer kürəsinə“) xeyir-duasını oxumuşdur.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana