SİYASƏT
Yalçın Hacızadə: Uzunmüddətli sülhün yaranmasında maraqlı olmayan ölkələr hələ də regiondakı reallığı qəbul etmək istəmirlər
Bakı, 30 avqust, AZƏRTAC
İşğaldan azad olunmuş torpaqlarımızda, əsasən Şuşa şəhərində müxtəlif təyinatlı, yerli və beynəlxalq əhəmiyyətli mədəni, siyasi tədbirlər keçirilir. Əlbəttə ki, burada məqsəd işğal altında olmuş torpaqlarımızda düşmənin törətdiyi vəhşiliyin, qeyri-insani münasibətin göstərilməsi, ərazilərin minalardan təmizlənməsi, hazırda aparılan quruculuq və bərpa işləri ilə tanışlıq və bu istiqamətdə təbliğatın aparılmasıdır.
Əhəmiyyətli tədbirlərdən biri də avqustun 27-də ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində diplomatik korpusun nümayəndələrinin iştirakı ilə keçirilib. Konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak edib.
Bunu AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.
O bildirib ki, nümayəndələr arasında Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, BMT-nin Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri, bütün qitələri əhatə edən, o cümlədən Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Müqəddəs Taxt-Tac, Macarıstan, Portuqaliya, Polşa, Çexiya, İran, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Çin, Filippin, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Kanada, Dominikan, Qvineya, Salvador, Meksika, Panama, Argentina, Braziliya, Qvatemala, Uqanda, Ruanda, Sudan, Çad, Kamerun, Namibiya, Mərakeş, Liviya və digər ölkələrin səfirləri, səfirliklərin əməkdaşları və hərbi attaşeləri yer alıblar. Demək olar ki, konfransda dünyanın hər bir yerindən ölkə təmsilçisi olub. Konfransa Türkiyədən qatılan diplomat və hərbi attaşelər birbaşa olaraq yeni inşa edilmiş Füzuli hava limanına gəliblər.
Y.Hacızadə qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan Qələbədən sonra işğaldan azad edilən ərazilərimizdə bu cür tədbirlərin keçirilməsi ölkəmizin regionda sülhün yaranması üçün göstərdiyi niyyətini təcəssüm etdirir. Halbuki, dövlətimiz Ermənistanın təxribatlarına, bəzi revanşist qüvvələrinin hərəkətlərinə söykənərək belə humanitar tədbirlərinin əvəzinə hərbi təlimlər də keçirə bilər.
Sədr müavininin sözlərinə görə, regionda mövcud vəziyyəti qəbul etməyən, uzunmüddətli sülhün yaranmasında maraqlı olmayan ölkələr təəssüflər olsun ki, hələ də regiondakı reallığı qəbul etmək istəmirlər. Belə ölkələr əsasən münaqişənin aktiv qalmasında maraqlıdırlar ki, regionda öz təsir imkanlarını saxlamış olsunlar.
“Bu ölkələr sırasında çox təəssüflər olsun ki, keçmiş Minsk qrupu daxilində fəaliyyət göstərən, əsas amalları regiona sülhü gətirmək olan, lakin 30 illik fəaliyyətləri dövründə heç bir irəliləyişə nail ola bilməyən ABŞ və Fransa kimi ölkələr də var. Bu dövlətlərin ölkəmizdə yerləşən diplomatları Şuşada keçirilən tədbirlərdə iştirak etmək dəvətlərindən dəfələrlə yayınıblar. Halbuki, ölkələri rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verirlər. Həmçinin bu diplomatlar işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına getməkdən çəkinmədikləri halda Şuşaya getməkdən imtina etməkləri ikiüzlü siyasətlərin göstəricisi, açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, ərazi bütövlüyünü tanımama cəhdidir.
Biz belə ölkələrin ermənipərəst mövqelərinə, münaqişənin həllində haqqın-ədalətin, beynəlxalq hüququn yanında dayanmamalarına rəğmən ərazi bütövlüyümüzü təmin edə bildik. Əlbəttə, bundan sonra da Azərbaycan dövləti, diplomatiyası öz sözünü deyərək, dövlətimizin marağını yüksək səviyyədə qoruyacaq, milli maraqlarımızı təmin edəcək”, - deyə Yalçın Hacızadə qeyd edib.