DÜNYA
“Yamal LNG” layihəsi üzrə ikinci modul nəqletməyə hazırdır
Bakı, 13 avqust, AZƏRTAC
Rusiyanın şimalında yerləşən “Yamal LNG” layihəsi üzrə 5,5 milyon ton mayeləşdirilmiş təbii qaz istehsal tutumuna malik ikinci modulun inşası başa çatdırılıb və yük göndərməyə hazır vəziyyətə gətirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın “Total” neft-qaz şirkəti məlumat yayıb. Bildirilir ki, “Yamal LNG” layihəsi çərçivəsində ikinci modul üzrə LNG yükü Sabetta limanından göndərilməyə hazırdır. Bu modul müəssisənin işləmə qabiliyyətini ildə 11 milyon tona çatdırmağa imkan verəcək. “Yamal LNG” tam gücü ilə işlədikdə ildə 16,5 milyon ton LNG Asiya və Avropa bazarına çıxarılacaq. Üçüncü modulun 2019-cu ilin əvvəlində istismara verilməsi gözlənilir.
“Yamal LNG” layihəsində Rusiyanın ikinci ən böyük təbii qaz şirkəti olan “Novatek” 50,1 faiz, “Total” və Çinin CNPC şirkətləri hər biri 20 faiz, Çin İpək Yolu Fonu 9,9 faizlik paya sahibdir.
Qeyd edək ki, ötən ay “Yamal LNG” layihəsi çərçivəsində ilk LNG yükünü Şimal dənizi marşrutu ilə Çinə göndərilib. LNG-ni Sabetta limanından Asiya və Sakit Okean, eləcə də Avropa bazarına daşımaq üçün “Yamal LNG”nin donanmasında 15 LNG tankeri var. Tankerlər il ərzində fəaliyyət göstərə bilir. “Yamal LNG” ilə Rusiyanın LNG ixracının 10 faiz artması nəzərdə tutulur.