SİYASƏT
YAN MİKALLEF: BU İLİN DEKABRINDA KEÇİRİLƏCƏK BƏLƏDİYYƏ SEÇKİLƏRİNİN AVROPA STANDARTLARINA TAM CAVAB VERƏCƏYİNƏ ƏMİNİK
Bakı, 12 sentyabr (AZƏRTAC). Bu ilin dekabrında Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin Avropa standartlarına tam cavab verəcəyinə əminik. Bu sözləri Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sədr əvəzi Yan Mikallef Azərbaycana rəsmi səfərinin yekunları ilə bağlı sentyabrın 12-də keçirdiyi mətbuat konfransında demişdir.
Hökumət nümayəndələri ilə konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçirilən referendumdan sonra ölkədəki vəziyyəti müzakirə etdiklərini deyən Y.Mikallef təmsil etdiyi qurumun nümayəndələri ilə Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkilərini yaxından izləmək niyyətindədir.
Bir sıra səmərəli görüşlər keçirdiyini bildirən Y.Mikallef demişdir ki, Azərbaycan hökumətinin istəyi olarsa, konqres seçkiqabağı proseslərdə də iştirak edəcəkdir.
Y.Mikallef Azərbaycana səfərinin yekunları ilə bağlı konqresin bürosunun sentyabrın 21-də Strasburqda keçiriləcək iclasında məruzə ilə çıxış edəcəkdir.