Yanğın baş verən evdə avtomat silahı aşkarlandı
Biləsuvar, 19 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Biləsuvar rayonu ərazisində yerləşən köçkün şəhərciyində yanğın qeydə alınıb. Yanğın baş verən evdən avtomat silahı aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Cəbrayıl rayon məcburi köçkünlər şəhərciyinin 10-cu qəsəbəsində Eldəniz Mehdiyevə məxsus evdə yanğın başlayıb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan və ya yaralanan olmasa da, ev yararsız hala düşüb.
Hadisə baş verən evdə yanğınsöndürənlər tərəfindən avtomat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, baş vermiş yanğın hadisəsi ilə bağlı Cəbrayıl RPŞ-də araşdırmalara başlanılıb. Aşkarlanan silaha müvafiq rəy verilməsi üçün ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir.