İQTİSADİYYAT
Yanvar-aprel aylarında Azərbaycanda ümumi daxili məhsulun həcmi 3,2 faiz artmışdır
Bakı, 16 may (AZƏRTAC). 2014-cü ilin yanvar-aprel aylarında Azərbaycanda istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 18,2 milyard manat olmuşdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ÜDM-in 47,4 faizi sənayedə, 11,1 faizi tikintidə, 8,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə xidmətləri, 13,6 faizi isə sosial və digər xidmətlər sahəsində istehsal olunmuşdur. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil etmişdir.
İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 9 faiz, o cümlədən qeyri-neft sənayesində 3,9 faiz, tikintidə 21,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 15,7 faiz, informasiya və rabitədə 12,3 faiz, habelə ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 6,1 faiz, kənd təsərrüfatında 3,3 faiz, sosial və digər xidmət sahələrində 3 faiz artmışdır.
Ümumi daxili məhsulun 44,8 faizi neft-qaz sektorunun payına düşmüş və bu göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 3,2 faiz azalmışdır.