İQTİSADİYYAT
Yanvarda sənaye məhsullarının istehsalçı qiymətləri 20,9 faiz ucuzlaşıb
Bakı, 13 fevral, AZƏRTAC
Bu ilin yanvarında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 20,9 faiz, o cümlədən mədənçıxarma sənayesində 24 faiz, emal sənayesində 5,3 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yanvar ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 24,1 faiz ucuzlaşma, metal filizlərinin hasilatı üzrə 1,4 faiz bahalaşma müşahidə olunub, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə sabit qalıb.
Emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 9,4 faiz, neft məhsullarının istehsalı üzrə 8,8 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 7,8 faiz, qida məhsullarının istehsalı üzrə 3,9 faiz, mebel istehsalı üzrə 1,6 faiz, tütün məmulatlarının istehsalı üzrə 1,5 faiz, toxuculuq sənayesi üzrə 3 faiz, metallurgiya sənayesi üzrə 1,5 faiz bahalaşıb.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik qeydə alınmayıb.