DÜNYA
Yaponiya Bankı ölkə iqtisadiyyatının vəziyyəti barədə qiymətləndirməsini yüksəltmişdir
Tokio, 8 mart (AZƏRTAC). Yaponiya Bankının idarəedici şurasının üzvləri ölkə iqtisadiyyatının vəziyyəti barədə qiymətləndirmələrini yüksəldərək onun tənəzzülünün dayandığını bildirmişlər. Lakin onlar, eyni zamanda yekdilliklə maliyyə yumşaldılması barədə siyasətin davam etdirilməsinin zəruri olması ilə də razılaşmışlar.
Martın 7-də rəhbər şura iki gün davam edən iclasına yekun vurmuşdur. Şura üzvləri təsdiq etmişlər ki, yenin kursunun zəifləməsi sənaye, xüsusən avtomobil hissələri və elektron detalların ixraca buraxılması sahələrində istehsalın aşağı düşməsinin qarşısını almışdır.
İclasda Baş nazir Şinzo Abenin iqtisadi siyasəti ilə bağlı optimizmin yüksəldiyi və səhmlərin qiymətinin artması şəraitində istehlak xərclərinin möhkəmləndiyi qeyd edilmişdir.
Mərkəzi bankın rəhbər şurasının üzvləri qlobal iqtisadiyyatda mövcud qeyri-müəyyənliyin hələ də qaldığını bildirmişlər.
Şura üzvləri İtaliyada keçirilən parlament seçkilərindən sonra fiksal islahatların davam etdirilmsəi ilə bağlı narahatlıqlarını ifadə etmişlər. Bununla yanaşı, ABŞ-ın və digər ölkələrin iqtisadiyyatında baş verən yaxşılaşma əlamətləri də qeyd olunmuşdur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio