DÜNYA
Yaponiya hökuməti kollektiv özünümüdafiə hüququnu tezliklə bəyənə bilər
Tokio, 28 iyun (AZƏRTAC). Yaponiya hökuməti kollektiv özünümüdafiə hüququnun bəyənilməsi məqsədilə Konstitusiyanın yeni interpretasiyasının qəbulu istiqamətində işləri davam etdirir.
Koalisiyalı hökumətdə hakim partiyanın tərəfdaşı olan Komey Partiyasının Liberal Demokratik Partiyanın dəyişikliklə əlaqədar təklifinə etdiyi məhdudiyyətlər barədə razılığın əldə edilməsi, onun tezliklə qəbul olunacağını deməyə əsas verir.
İyunun 27-də hər iki partiyanın rəsmi nümayəndələrinin görüşündə Nazirlər Kabinetinin təhlükəsizlik sahəsində siyasəti barədə layihənin müzakirələri aparılmışdır. Hökumət həmin layihəni danışıqlar vaxtı təqdim etmişdir. Layihədə qeyd edilir ki, hökumətin hazırda rəhbər tutduğu qənaətə görə, Konstitusiya Yaponiyaya silahlı qüvvələrdən kollektiv özünümüdafiə məqsədilə istifadəyə üç şərt daxilində imkan verir.
Həmin şərtlərdən birincisi Yaponiyanın sıx əlaqələr saxladığı ölkənin hücuma məruz qalmasını və nəticədə Yaponiyanın özünün mövcudluğuna və vətəndaşlarının hüquqlarına təhlükə yaranmasını nəzərdə tutur.
İkinci şərt ölkənin və vətəndaşların müdafiəsi üçün artıq başqa yolun qalmaması, üçüncü isə silahlı qüvvələrin lazım olan məqamda ondan minimum istifadəni tələb kimi irəli sürür.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri,
Tokio