DÜNYA
Yaponiya hökuməti Okinava sakinlərinə 264 milyon dollar ödəyəcək
Tokio, 23 fevral, AZƏRTAC
Yaponiyanın Okinava prefekturasının Naha məhkəməsi mərkəzi hökumətin evləri ABŞ hərbi-hava qüvvələrinin Kadena aviabazasının yaxınlığında yerləşən sakinlərə təyyarələrin uçuşu zamanı yaranan səs-küyə görə 30 milyard yen (təqribən 264 milyon dollar) ödəməsi barədə qərar qəbul edib. Bu barədə NHK telekanalı məlumat yayıb.
Məhkəməyə ünvanlanan iddiaya 22 min sakin imza atıb. İddiaçıların bildirdiyinə görə, təyyarələrin yaratdığı səs-küy normal yaşamağa və dincəlməyə maneə yaradaraq insanların psixikasına mənfi təsir göstərir.
Bununla yanaşı, məhkəmə MV-22 Osprey konvertoplanlarının uçuşuna qadağa qoyulması barədə sakinlərin iddiasını rədd edib.
2016-cı ilin dekabrında Okinavanın daha yüksək instansiyalı məhkəməsi dairə məhkəməsinin Yaponiya hökumətinin Qinovan şəhərindəki Futemma bazasındakı təyyarələrin yaratdığı səs-küyə görə yerli sakinlərə kompensasiya ödəməsi barədə oxşar qərar təsdiq etmişdi.
Okinavanın Yaponiya ərazisinin cəmi 0,6 faizini təşkil etməsinə baxmayaraq, ABŞ hərbi bazalarının 74 faizi burada yerləşir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio