DÜNYA
Yaponiya koronavirusla mübarizədə məhdudlaşdırmanı deyil, səhiyyə ehtiyatlarının gücləndirilməsi yolunu seçib
Tokio, 27 iyul, AZƏRTAC
Yaponiya hökuməti koronavirus pandemiyası ilə sonrakı mübarizədə insanların fəaliyyətini məhdudlaşdırmaq deyil, səhiyyə ehtiyatlarını gücləndirilməsi yolunu seçib.
AZƏRTAC xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida hökumətin məsələyə həsr olunan toplantısı zamanı bildirib.
Qeyd edək ki, son günlər Yaponiya koronavirus pandemiyasının yeni dalğası ilə qarşılaşıb. İyulun 26-da ölkə üzrə 196 min yoluxma halı qeydə alınıb. Ölkənin 47 prefekturasından 14-də yoluxmalar rekord səviyyəyə çatıb. Nəticədə xəstələrin müraciət etdiyi klinikalarda böyük növbələr yaranıb. Amma ağır yoluxma halları və ölüm sayı üzrə göstəricilər aşağı səviyyədədir.
F.Kişida qeyd edib ki, hökumət yoluxmaların qarşısını səmərəli şəkildə alacaq tədbirləri həyata keçirməklə, insanların sosial və iqtisadi fəallığını qorumağa çalışacaq. Bununla əlaqədar koronavirusa qarşı dördüncü peyvəndin qəbulunun genişləndirilməsi barədə qərar da qəbul edilib.
Ölkənin səhiyyə naziri Qoto Şiqeyuki də qubernatorları koronavirusun yayılmasına qarşı yardım göstərməyə çağırıb. Bu məqsədlə ölkə üzrə koronavirusa yoluxmuş xəstələr üçün çarpayıların sayının 50 minə çatdırılması xahiş olunub.
Nazir həmçinin bildirib ki, antigen testlər üçün dəstlər apteklərə və klinikalara pulsuz paylanacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio