DÜNYA
Yaponiya KXDR tərəfindən raket buraxılacağı təqdirdə ona qarşı sanksiyaların sərtləşdirilməsinə çalışacaqdır
Tokio, 8 dekabr (AZƏRTAC). Yaponiya hökuməti dekabrın 8-i axşamadək həm quruda, həm də dənizdə Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən buraxılacaq raketi vurmaq üçün raket sistemlərinin quraşdırılmasını başa çatdırmaq niyyətindədir. Yaponiya bu layihəyə ballistik raketin sınağı kimi baxır.
KXDR dekabrın 10-dan 22-dək süni peyk daşıyan raket buraxacağı barədə məlumat yaymışdır. Koreya Respublikasının rəsmi mənbələrinin bildirdiyinə görə, KXDR-də raketin yanacaqla doldurulmasına artıq başlanılmışdır.
Yaponiya hökuməti KXDR-i bu məsələdə təmkin göstərməyə çağırmaqda davam edəcəyini bildirmişdir. Dekabrın 7-də Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə bürosunun rəhbəri Sinsuke Suqiyama Rusiya Federasiyası xarici işlər nazirinin müavini İqor Morqulovla telefon danışığı aparmışdır. Tərəflər bu məsələdə KXDR-ə birgə təzyiq göstərilməsi barədə razılığa gəlmişlər.
Bundan əlavə, Yaponiya ABŞ və digər maraqlı ölkələrlə KXDR tərəfindən raket buraxılacağı təqdirdə BMT Təhlükəsizlik Şurasının bu ölkəyə qarşı daha sərt sanksiyalarının qəbulu ilə bağlı iş aparmağı planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio