DÜNYA
Yaponiya müxalifəti milli təhlükəsizliklə bağlı yeni qanun layihələrinin qəbulunu əngəlləmək niyyətindədir
Tokio, 5 sentyabr, AZƏRTAC
Yaponiyanın müxalifət partiyalarının liderləri hakim koalisiya tərəfindən milli təhlükəsizliklə bağlı qanun layihələrinin parlamentdə qəbulunu əngəlləmək üçün əməkdaşlıq barədə razılıq əldə ediblər.
Həmin qanun layihələri parlamentin aşağı palatası tərəfindən bəyənilib və hazırda yuxarı palatada onların müzakirələri davam edir.
Müxalifətdə olan altı partiyanın liderləri bu məqsədlə sentyabrın 4-də görüşüblər. Qanun layihələri ilə bağlı müzakirələrin hələ tam başa çatmadığını bildirən müxalif liderlər hakim koalisiyanın cari ayın ortalarında onları səsverməyə qoymaq cəhdini tənqid ediblər.
Kyodo agentliyinin yaydığı məlumata əsasən, görüşdə iştirak edən bəzi partiyaların rəhbərləri Nazirlər Kabinetinə etimadsızlıq məsələsinin də gündəliyə salınmasını təklif ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio