DÜNYA
Yaponiya muzeyində antropomorf bələdçi robot meydana çıxmışdır
Bakı, 28 iyun (AZƏRTAC). Tokio muzeylərindən birində meydana çıxan yeni bələdçi robotlar insana elə çox bənzəyir və elə yaxşı danışırlar ki, bu baxımdan öz prototiplərini demək olar ki, arxada qoyurlar. Yaponiyanın robototexnik alimi professor Xiroşi İsiquro belə hesab edir ki, onun yaratdığı bu robotlar insanla maşınlar arasında qarşılıqlı əlaqələr üzrə tədqiqatlara kömək edəcək, habelə onların bir-birindən nə ilə fərqləndiklərini göstərəcəkdir.
İlk təqdimatda robotlar lazım gələn məqamda dodaqlarını tərpətməyi, göz qırpmağı, söhbət zamanı əllərini tərpətməyi və hətta başını yırğalamağı bacardıqlarını nümayiş etdirmişlər. Lakin kişi variantlı maşının - Kodomoroidin xəbərləri sürətlə, səlis oxumaq, mürəkkəb yanıltmaclar demək bacarığı iştirakçılarda daha böyük maraq doğurmuşdur. Bələdçi robot Otomoroid qadın görkəmindədir, amma söhbət zamanı uşaq səsindən tutmuş kişi səsinədək müxtəlif səslərdən istifadə edə bilir. Maşınların nümayişi zamanı proqramda bəzi nasazlıqlar oldu: bir dəfə ifadələr dodaqların hərəkəti ilə müşayiət olunmadı, ikinci dəfə Otomoroid özünü təqdim etmək xahişini yerinə yetirmədi. Lakin bütün bunlar ciddi nöqsanlar hesab edilməməlidir, çünki ən qısa bir zamanda aradan qaldırılacaqdır.
Süni dəri və əzələlərlə təchiz olunmuş hər iki robot tezliklə Tokio Milli Elm və İnnovasiyaların İnkişafı Muzeyinə təhvil veriləcəkdir. Bu robotların yaradıcısı bir çox robot texniklərinin belə bir fikri ilə razı deyildir ki, mexanizmlərin insanlarla həddindən artıq oxşarlığı adamları qorxuda bilər. Əksinə, o, hesab edir ki, robotların məhz antropomorf olması onların daha tez bir zamanda gündəlik həyatımızın bir hissəsinə çevrilməsinə imkan verəcəkdir.