İQTİSADİYYAT
Yaponiya şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Dövlət Neft Şirkətində olmuşdur
Bakı, 3 iyun (AZƏRTAC). İyunun 3-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) XXI “Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası” sərgi-konfransında iştirak etmək üçün Bakıda səfərdə olan Yaponiya şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları salamlayan şirkətin prezidenti Rövnəq Abdullayev sərgi və konfransda iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirmiş, bu konfransın Azərbaycan neft-qaz sənayesinin son 20 ildəki nailiyyətlərinin təzahürü olduğunu qeyd etmişdir.
Azərbaycan-Yaponiya münasibətlərinin inkişaf etdiyini vurğulayan ARDNŞ-in prezidenti bu ölkənin şirkətlərinin 20 il bundan öncə həyata keçirilməyə başlayan “Azəri-Çıraq-Günəşli” və daha sonralar Bakı-Tbilisi-Ceyhan layihələrinin iştirakçılarından olduğunu diqqətə çatdırmışdır.
Səmimi qəbul üçün təşəkkürünü bildirən Rusiya və MDB dövlətləri ilə Yaponiya Ticarət Assosiasiyasının direktoru Okada Kunio sərgi-konfransın açılışı münasibətilə ARDNŞ-in prezidentini təbrik etmişdir.
Rəhbərlik etdiyi Assosiasiya barədə ətraflı məlumat verən Okada Kunio bildirmişdir ki, hazırda 140-a yaxın yapon şirkəti bu təşkilatın üzvüdür və həmin şirkətlər Azərbaycanla enerji, eləcə də qeyri-neft sektoru sahələrində əməkdaşlıqda maraqlıdırlar.
Dövlət Neft Şirkətinin Azərbaycanda və Türkiyədə həyata keçirilən regional əhəmiyyətli layihələr haqqında onlara ətraflı məlumat verən R.Abdullayev şirkətin daha böyük layihələrə imza atmaq ərəfəsində olduğunu bildirmişdir.
O, Yaponiya şirkətləri ilə ARDNŞ arasında müxtəlif layihələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan bəhs etmişdir. R.Abdullayev Yaponiya şirkətləri ilə Dövlət Neft Şirkəti arasında yaranmış səmərəli əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Daha sonra neft-kimya, maşınqayırma, avtomobil istehsalı və təchizat sahələri ilə məşğul olan yapon şirkətlərinin təmsilçilərini maraqlandıran suallar cavablandırılmışdır. Rusiya və MDB dövlətləri ilə Ticarət Assosiasiyasının direktoru Okada Kunio görüşdə əldə etdikləri dəyərli informasiyaları yapon ictimaiyyətinə çatdıracaqlarını söyləmişdir.