DÜNYA
Yaponiya və ABŞ KXDR tərəfindən raket buraxılmasını tənqid etmişlər
Tokio, 13 dekabr (AZƏRTAC). Dekabrın 12-də Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən raket buraxılması beynəlxalq ictimaiyyətin kəskin tənqidi ilə qarşılanmışdır.
Yaponiyanın Baş naziri Yoşihiko Noda buraxılışı böyük təəssüf hissi ilə qarşıladığını bildirmiş, təmkin nümayiş etdirmək barədə bütün müraciətlərə baxmayaraq KXDR tərəfindən atılmış bu addımın yolverilməz olduğunu vurğulamışdır.
Y.Noda demişdir ki, Yaponiya bu münasibətlə kəskin etirazını bildirir və BMT Təhlükəsizlik Şurasının sədri Mərakeşə bu məsələnin təcili müzakirəsinin təşkilini təklif etmişdir.
Raket buraxılışını ABŞ hökuməti də tənqidlə qarşılamışdır. Ağ evin yaydığı bəyanatda bildirilir ki, bu təxribat xarakterli akt regional təhlükəsizliyə təhdiddir.
Bəyanatda, həmçinin qeyd olunur ki, belə təxribat xarakterli hərəkətlərlə KXDR beynəlxalq ictimaiyyətdən təcrid olunma siyasətini davam etdirir.
Ağ evin yaydığı sənəddə bildirilir ki, cari ilin aprelində BMT Təhlükəsizlik Şurası KXDR tərəfindən raket buraxılışı ilə bağlı müvafiq tədbirlər görülməsi üçün qətiyyət nümayiş etdirmişdi.
Bəyanatda Ağ evin altıtərəfli danışıqlarda iştirak edən tərəfdaşları, Təhlükəsizlik Şurasına və BMT-yə daxil olan digər ölkələr ilə birlikdə lazımi addımların atılması üçün əməkdaşlığa hazır olduğu vurğulanmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio