DÜNYA
Yaponiyada sunami zamanı sığınacaq tapmağa imkan verən proqram sınaqdan keçirilmişdir
Tokio, 12 mart (AZƏRTAC). Yaponiyanın Akita prefekturasında mobil telefonlar üçün sahil rayonların əhalisinin sunami zamanı qorunması məqsədilə lazım olan sığınacağı daha tez tapmasına kömək edəcək proqram sınaqdan keçirilmişdir.
Bu proqram Yaponiyanın aparıcı mobil operator şirkəti olan “NTT Docomo”nun mütəxəssisləri tərəfindən hazırlanmışdır. Sistem smartfona zəlzələ barədə xəbərdarlıq daxil olan kimi işləməyə başlayır. Bu zaman smartfonun ekranında yaxınlıqdakı sığınacağın yerini göstərən xəritə meydana gəlir. Telefonun sahibinə həmin xəritədəki göstərişə əməl edərək sığınacaq yerinə yollanmaq qalır.
Akitada keçirilmiş sınaq zamanı ətrafı yaxşı tanımayan könüllülər proqramın köməyi ilə sığınacaq yerini axtarmışlar. Doğrudur, onlardan bir neçəsi azaraq lazım olan yerə gedib çıxa bilməsələr də, proqramın müəllifləri ruhdan düşməmişlər. Bildirmişlər ki, proqramın növbəti versiyası daha dəqiq və istifadə üçün sadə olacaqdır.
Yaponiyada tez-tez baş verən zəlzələlər səbəbindən təcili təxliyə ilə bağlı təlimlər keçirilir. Bu təlimlər zamanı əhaliyə optimal marşrutdan istifadə öyrədilir. Yaponiya hökuməti sahil zonasında yaşayan əhalinin təbii fəlakət zamanı vaxt itirməməsi üçün həmin rayonların lazım olan bütün vasitələrlə təchiz olunması barədə qərar qəbul etmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio