DÜNYA
Yaponiyada üzün tanınmasını çətinləşdirən xüsusi eynək yaradılmışdır
Bakı, 20 iyun (AZƏRTAC). Yaponiyanın Milli İnformatika İnstitutunun mütəxəssisləri dünyada ilk dəfə videokameraların və xüsusi proqram təminatlarının köməyi ilə üzün tanınmasını çətinləşdirən eynək yaratmışlar. Bu barədə Yaponiya KİV-ləri məlumat yaymışlar.
Yeni eynək xarici görünüşünə görə adi gün eynəklərindən seçilmir, lakin alimlər onun sağanağına 11 infraqırmızı işıq diodu yerləşdirmişlər. Diodların buraxdığı işıq gözə görünmür, lakin videokameralar tərəfindən çəkilən şəklin təhrif olunmasına kömək edir.
Tədqiqat qrupunun nümayəndəsi İsao İtidzen demişdir: “Üzün tanınması sistemi üçün vacib olan məlumatlar gözlərin və burnun təsvirləridir. Biz bu təsvirləri infraqırmızı şüalanmanın köməyi ilə “yandıra” bilirik”.
Son zamanlar müxtəlif sahələrdə elektron tanınma metodlarından daha fəal istifadə olunur. Bu isə şəxsi məlumatların müdafiəçilərinin narahatlığına səbəb olur. Xüsusilə, Yaponiyanın “En-i-si” (NEC) şirkəti iri ticarət şəbəkələri üçün müşahidə kameralarından təsvirlərin işlənib hazırlanması imkanı yaradır.
Bu, mağazaya gələnlərin əlamət və yaşa görə təsnif edilməsinə və onların nə dərəcədə tez-tez alış-veriş etməsini müəyyənləşdirməyə imkan verir. Bununla yanaşı, NEC toplanmış məlumatların icazəsiz sızması mümkünlüyünü istisna etmir.
Yaponiyanın Milli İnformatika İnstitutunda ehtimal edirlər ki, bu yenilik özü haqqında məlumatları üçüncü şəxslərlə paylaşmaq istəməyənlər arasında populyar ola bilər.
Hazırda tədqiqat qrupu həm də eynəklərin hazırlanması texnologiyası üzərində işləyir. Həmin eynəklər əks olunan işıqdan istifadə edəcəkdir və heç bir elektrik mənbəyi tələb etmir.