DÜNYA
Yaponiyada yeriməklə qazanılan kriptovalyuta yaradılıb
Tokio, 26 noyabr, AZƏRTAC
Yapon investorlar addımlamaq yolu ilə qazanılan yeni “Bitwalking” (BW$) kriptovalyutanın dövriyyəyə buraxıldığını elan ediblər. İstənilən həvəskar sistemə qoşularaq atdığı hər 10 min addıma (təqribən 7-8 kilometr) görə bir bitvolkinq-dollar qazana bilər.
Yeni ödəniş sisteminə qoşulmaq üçün smartfonda yeni proqramın quraşdırılması tələb olunur. GPS və ya Wi-Fi vasitəsilə sizin smartfonunuz atdığınız addımların sayı barədə məlumatı sistemə ötürəcək.
Hazırda “Murata” şirkəti tərəfindən hazırlanan fitnes-braslet onun sahibinə neçə BW$ qazandığı barədə məlumat verəcək. Britaniya banklarından biri artıq asiyalı biznesmenlərə tərəfdaşlıq təklifi ilə müraciət edib. Yeni kriptovalyutanın 2016-cı ildə dövriyyəyə buraxılacağı gözlənilir.
Layihənin məqsədi kriptodollar vasitəsilə kütlələri sağlam həyat tərzinə cəlb etməkdir. Biznesmenlərin qənaətinə görə, ilk mərhələdə bir BW$ bir ABŞ dolarına bərabər götürüləcək. Yeni valyuta ilə xüsusi internet mağazada hesablaşmaq mümkün olacaq. Eyni zamanda, istifadəçilər BW$-ı adi valyutaya da dəyişə biləcəklər.
Yeni sistemə qoşulanların ayda təqribən 15 BW$ qazanacağı güman olunur. Yeni valyutanın ilk testlərinin isə kasıb Afrika ölkəsi olan Malavidə aparılması planlaşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio