DÜNYA
Yaponiyanın “Big Camera” mağazalar şəbəkəsi ödənişi bitkoinlərlə qəbul etməyə başlayır
Tokio, 6 aprel, AZƏRTAC
Yaponiyanın çox böyük “Big Camera” mağazalar şəbəkəsi aprelin 7-dən virtual valyuta olan bitkoinlərlə ödənişi qəbul etməyə başlayır. Bu barədə mağazalar şəbəkəsinin operatorunun yaydığı məlumatda bildirilir.
Bu məqsədlə şirkət “bitFlyer” yapon bitkoin birjası ilə müqavilə imzalayıb. Məlumata əsasən, kriptovalyuta hesabına malik olan alıcılar yalnız Tokionun Yurakuço və Şincuku rayonlarında yerləşən mağazalardan 100 min yen (təqribən 904 dollar) dəyərində alver edə bilərlər. Bu zaman ödəniş bitkoinin gündəlik məzənnəsinə əsasən aparılacaq. “bitFlyer” birjasının saytına görə, aprelin 5-ə olan məzənnədə 1 bitkoin 129 min yenə (təqribən 1167 dollar) bərabərdir. Tələbatın artacağı təqdirdə operator şirkət bu sistemi digər mağazalarda da tətbiq etməyi planlaşdırır.
Xatırladaq ki, kriptovalyuta, o cümlədən bitkoin parlamentin qəbul etdiyi qanuna əsasən Yaponiyada aprelin 1-dən ödəniş vasitəsi statusunu qazanıb. Sənədə əsasən, yen rəsmi pul vahidi olaraq qalır, kriptovalyuta isə yalnız valyuta funksiyasını yerinə yetirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio