DÜNYA
Yaponiyanın müdafiə naziri KXDR raketinin vurulması barədə əmr vermişdir
Tokio, 7 dekabr (AZƏRTAC). Kyodo informasiya agentliyinin verdiyi məlumata görə, Yaponiyanın müdafiə naziri Satoşi Morimoto Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən buraxılacaq raketin uçuşu zamanı fövqəladə vəziyyət yarandığı təqdirdə onu vurmaq barədə əmr vermişdir. Əmr Yaponiya Təhlükəsizlik Şurasının dekabrın 7-də Baş nazir Yoşihiko Nodanın sədrliyi ilə keçirilən iclasında sanksiyalaşdırılmışdır.
Hökumətin baş katibi Osamu Fuzimura bildirmişdir ki, hadisələrin normal inkişafı şəraitində raket və ya onun hissələri Yaponiya ərazisinə düşməyəcəkdir. Ona görə də əhalidən xahiş edirik ki, öz gündəlik həyatlarına davam etsinlər.
KXDR süni peyk daşıyan raketin dekabrın 10-dan 22-dək olan tarixdə günün birinci yarısında buraxılacağı barədə məlumat yaymışdır. Raketin uçuş trayektoriyası Yaponiyanın cənubundakı Sakizima arxipelaqı üzərindən keçəcəkdir. Lakin hökumət gözlənilməz vəziyyət yaranacağı və ya qəza baş verəcəyi təqdirdə raketin qırıntılarının ölkə ərazisinə düşəcəyindən ehtiyat edir. Bunun qarşısını almaq üçün Şərqi-Çin və Yapon dənizlərinə “Aegis” radar sistemi və SM3 raketləri ilə təchiz edilmiş üç esmines göndərilmişdir. Raket əleyhinə müdafiə sisteminin ikinci qrupuna “Patriot PAC3” zenit kompleksləri daxil edilmişdir. Bu komplekslərdən dördü ölkənin cənubundakı Okinava prefekturasında, üçü isə paytaxt rayonunda yerləşdirilmişdir.
Süni peyk daşıyacaq raketin KXDR-in qərbində yerləşən Sohe kosmodromundan buraxılacağı gözlənilir. Raketin hər üç hissəsinin bu kosmodromda artıq quraşdırıldığı barədə məlumatlar yayılmışdır.
Cari ilin aprelində KXDR tərəfindən süni peyk daşıyan raketin buraxılmasına cəhd göstərilsə də layihə uğursuzluqla nəticələnmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio