ELM VƏ TƏHSİL
Yaponiyanın “Tokyo Boeki” şirkətinin nümayəndələri AMEA-nın Fizika İnstitutunda olublar
Fizika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, qonaqlar bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov ilə görüşüblər.
Görüşdən məqsəd institutun əməkdaşlarının Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim etdikləri layihə çərçivəsində alınmış “Keçirici Elektron Mikroskopiyası” (Transmission Electron Microscopy-TEM) cihazının quraşdırılma prosesi ilə tanış olmaq idi.
Bildirilib ki, Fizika İnstitutunda TEM cihazının işləməsi üçün yaradılmış şərait dünya standartlarına cavab verir.
Eyni zamanda, qonaqlar İnnovasiya sektorunda fəaliyyət göstərən EPR (Elektron Paramaqnit Rezonansı) və digər cihazlarla, həmçinin gənc alimlərin elmi fəaliyyətləri ilə tanış olublar.
Ən müasir cihazlarla təchiz olunmuş Fizika İnstitutunda elmi tədqiqatların aparılması üçün yaradılan şərait razılıq doğurub.