MƏDƏNİYYƏT
Yaponiyanın Zama şəhərində Azərbaycan və yapon milli musiqisi konserti keçiriləcəkdir
Tokio, 31 mart (AZƏRTAC). Aprelin 5-də Tokio rayonunun Zama şəhərində Yaponiya ilə Azərbaycan beynəlxalq əlaqələri çərçivəsində “Yapon və Azərbaycan milli musiqisi” konserti keçiriləcəkdir.
“Zama harmony hall”da keçiriləcək konsert Zama Beynəlxalq Əməkdaşlıq Assosiasiyası, Zama Mədəniyyət Mərkəzi və Azərbaycanın Yaponiyadakı səfirliyinin dəstəyi ilə təşkil ediləcəkdir.
Konsertdə yapon və Azərbaycan milli musiqisi nümunələri ifa olunacaq, Azərbaycan haqqında foto və videomateriallar nümayiş etdiriləcəkdir. Bununla yanaşı, “Zama harmony hall”un foyesində Azərbaycan mədəniyyətinə həsr edilmiş sərgi açılacaqdır.
Konsertin birinci hissəsində yapon musiqisi, ikinci hissədə isə Azərbaycan musiqisi səslənəcəkdir. Konsertin solisti beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərovanı yapon musiqiçilər müşayiət edəcəklər. Rəqqasə Tahirə Erkan Azərbaycan rəqslərini ifa edəcəkdir.
Konsertdə Vaseda Universitetinin magistri Emil Cəfərzadə Azərbaycan haqqında təqdimatla çıxış edəcəkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio