İQTİSADİYYAT
Yasamal Yaşayış Kompleksində bu vaxtadək 817 ailə mənzil sahibi olub
Bakı, 12 sentyabr, Ramiz Quliyev, AZƏRTAC
İndiyədək 817 ailə Yasamal Yaşayış Kompleksində mənzil sahibi olub. Kompleksdəki binalar üzrə daha 570 mənzil satışa çıxarılır. Həmin mənzillərin seçimi cari il oktyabrın 16-da başlayacaq və oktyabrın 30-dək davam edəcək.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.
Qeyd olunub ki, Yasamal Yaşayış Kompleksində agentliyin sərəncamında 1654 mənzil var. Bu günədək keçirilən satışların nəticəsində 817 ailə mənzilə sahib olub. Yerdə qalan 837 mənzildən 570-nin satışı ilə bağlı elan verilib. Növbəti mərhələdə isə digər 267 mənzil üçün elan veriləcək. Mənzillərin satışı həm ipoteka krediti hesabına, həm də vətəndaşların öz vəsaiti ilə həyata keçirilir.