MƏDƏNİYYƏT
Yazıçı-publisist Şirməmməd Nəzərlinin “Ömrün qönçə çağında” və “Çəkilməyən film” kitablarının təqdimatı olmuşdur
Bakı, 23 noyabr (AZƏRTAC). Noyabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Yazıçılar, Jurnalistlər və Fotoqraflar birliklərinin üzvü, yazıçı-publisist Şirməmməd Nəzərlinin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin dəstəyi ilə Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil edilmişdir.
Əvvəlcə iştirakçılar Ş.Nəzərlinin “İşıq gücü” mövzusunda fotosərgisi ilə tanış olmuşlar.
Sonra onun “Ömrün qönçə çağında” və “Çəkilməyən film” kitablarının təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ş.Nəzərlinin publisistik və bədii yaradıcılığından danışmış, onun 8 kitabın müəllifi olduğunu diqqətə çatdırmışdır. O, yazıçı-publisistin təqdim olunan kitabları barədə də fikirlərini bildirmişdir.
Qeyd olunmuşdur ki, müəllifin “Ömrün qönçə çağında” kitabında 1979-1989-cu illər Əfqanıstan müharibəsində həlak olmuş azərbaycanlı hərbçilər haqqında oçerklər və həmin müharibəyə həsr edilmiş araşdırma materialları verilmişdir. Onun “Çəkilməyən film” romanı bir kinorejissorun həyatını əks etdirir. Əsərin qəhrəmanı cinayətkarlıqdan mənəvi saflığa doğru ömür yolu keçir.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq Quliyeva və digər çıxış edənlər də Şirməmməd Nəzərlinin yaradıcılığının əhəmiyyətindən bəhs etmiş ona yeni nailiyyətlər arzulamışlar.