SİYASƏT
Yəhudi Xəbərlər Agentliyinin saytında Respublika Günü haqqında məqalə dərc olunmuşdur
Bakı, 29 may (AZƏRTAC). Yəhudi Xəbərlər Agentliyinin (YXA) saytında 28 May - Respublika Gününə həsr olunmuş “Respublika Günü bütün xalqın bayramıdır!” sərlövhəli məqalə dərc edilmişdir.
Məqalədə deyilir: “Bu gün bütün Azərbaycanda dövlət bayramını - Respublika Günü qeyd edirlər. Dünən “Buta Palas” sarayında Respublika Günü münasibətilə rəsmi qəbul olmuşdur. Qəbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, onun xanımı Mehriban Əliyeva, dini konfessiyaların liderləri, icra və qanunverici hakimiyyətin, diplomatik korpusun, yaradıcı, elmi və texniki ziyalıların nümayəndələri iştirak etmişlər.
Prezident İlham Əliyev “Buta” sarayında qəbulda çıxış edərək vurğulamışdır: “Bizim yolumuz azadlıq yoludur, inkişaf yoludur, müstəqillik yoludur”.
Bu gün Azərbaycanın bütün sinaqoqlarında yəhudi icmalarının üzvləri respublikanın və burada məskunlaşan xalqların asayişi və çiçəklənməsi üçün dualar oxuyurlar.
Quba rayonundakı Qırmızı Qəsəbənin Dağ Yəhudiləri Dini İcmasının başçısı Boris Simanduyev YXA-ya müsahibəsində demişdir: “Respublika Günü bütün Azərbaycan xalqının bayramıdır!”.
O, daha sonra vurğulamışdır: “Azərbaycan yəhudiləri bu bayram günü respublikanın bütün xalqlarına və konfessiyalarına sülh və tərəqqi, uğurlu iqtisadi inkişaf arzulayırlar”.
Tanınmış yəhudi tarixçisi, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun aparıcı elmi əməkdaşı Moşe Bekker demişdir: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması tarixi hadisədir”.
1991-ci ildə AXC-nin varisi olmuş Azərbaycan Respublikasında Azərbaycan xalqının Ümummilli Lideri, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hüquqi-demokratik dövlət qurulmuş, irimiqyaslı siyasi islahatlar başlanmışdır”.
Moşe Bekker daha sonra demişdir: “Hörmətli Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilən ölkənin dinamik inkişafı Azərbaycanın sürətli inkişafını və beynəlxalq aləmdə layiqli yer tutmasını təmin etmişdir.
Tamamilə təbiidir ki, bu gün Azərbaycanda sülhün və inkişafın təmin olunmasına həm müsəlmanlar, həm yəhudilər, həm də xristianlar dua edirlər”.