SİYASƏT
YENİ AZƏRBAYCAN PARTİYASI SUMQAYIT ŞƏHƏR TƏŞKİLATININ QADINLAR VƏ GƏNCLƏR BİRLİKLƏRİ MİLLİ QURTULUŞ GÜNÜNÜ QEYD ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, iyunun 12-də Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının qadınlar və gənclər birlikləri 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş birgə tədbir keçirmişlər.
“Bakı” restoranının bayramsayağı bəzədilmiş salonuna veteranlar, partiya fəalları və ictimaiyyətin nümayəndələri toplaşmışdılar.
YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev, qadınlar birliyinin sədri Nazilə Abbasova və başqaları çıxışlarında ümummilli lider Heydər Əliyevin Azərbaycanın ən yeni tarixindəki müstəsna rolundan söhbət açaraq bildirdilər ki, ümummilli liderin 15 il əvvəl – 1993-cü ilin iyununda hakimiyyətə yenidən qayıdışı Azərbaycan dövlətini parçalanmaq təhlükəsindən qurtardı. Dövlət çevrilişlərinin qarşısını almağa, atəşkəs rejiminin əldə olunmasına, hazırkı iqtisadi inkişafın təməlini qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasına yalnız onun dühası kömək etdi. Ulu öndərin yeritdiyi müdrik daxili və xarici siyasət güclü ordu quruculuğuna, respublikada siyasi və ictimai sabitliyin bərqərar edilməsinə şərait yaratdı. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi siyasi varisliyin qorunub saxlanılması xətti isə ölkəmizin gələcək nailiyyətlərinin, onun dünyadakı mövqelərinin möhkəmlənməsinin rəhni oldu.
Sonra şəhərin məktəbəqədər təhsil müəssisələrinin yetirmələri, habelə bədii özfəaliyyət kollektivləri maraqlı bayram proqramı ilə çıxış etdilər.
######