MƏDƏNİYYƏT
Yeni Azərbaycan Partiyasına üzv olan gənclər Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu ziyarət etmişlər
Bakı, 19 avqust (AZƏRTAC). Dövlətimizin mədəniyyət ocaqlarının ən müasir tələblərə uyğun səviyyədə qurulmasına və mədəniyyətimizə göstərdiyi qayğı hər kəsi öz imkanı daxilində bu sahəyə diqqəti artırmağa sövq edir.
Məhz bunu nəzərə alaraq gənclərimizin teatrlara, kino zallarına, muzeylərimizə mütəmadi gəlişini təşkil etmək və onların bu sahəyə marağının artırılması üçün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi “Mədəniyyətə səyahət” adlı layihə həyata keçirir.
YAP Gənclər Birliyindən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində partiyaya üzv olan gənclər növbəti dəfə Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu ziyarət etmişlər. Partiyanın gənclər üçün təşkil etdiyi bu səfərə YAP Qaradağ rayon təşkilatı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi də öz dəstəyini göstərmişdir.
Əsasən sosial şəbəkələrdə və YAP Gənclər Birliyinin layihələrində fəal olan 70-dək gənc bu tədbirdə iştirak etmişdir. Gənclər Qobustan qoruğu ərazisində inşa edilən muzeyi ziyarət etmiş, qaya təsvirlərinə baxmışlar.