SİYASƏT
“YENİ AZƏRBAYCAN” TƏŞVİQAT QRUPUNUN BİR SIRA BÖLGƏLƏR ÜZRƏ NÜMAYƏNDƏLƏRİ ÜÇÜN SEMİNARLAR KEÇİRİLMİŞDİR
Bakı, 5 fevral (AZƏRTAC). Konstitusiyaya əlavələr və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi–referendumla bağlı “Yeni Azərbaycan” təşviqat qrupunun Şirvan bölgəsi üzrə nümayəndələri üçün seminar-müşavirələr keçirilmişdır.
Fevralın 3-ü və 4-də İsmayıllı şəhərində “Yeni Azərbaycan” təşviqat qrupunun Şamaxı, Qobustan və İsmayıllı təmsilçiləri üçün, Qəbələ şəhərində Şəki, Oğuz və Qəbələ nümayəndələri üçün, Zaqatala şəhərində isə Qax, Balakən və Zaqatala nümayəndələri üçün seminarlar keçirilmişdir.
“Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, YAP İcra katibinin müavini Mübariz Qurbanlı seminar-müşavirələrdə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə ətraflı çıxış etmiş, seçicilər arasında maarifləndirmə işinə xüsusi əhəmiyyət verilməsinin vacibliyini vurğulamışdır.
Geniş fikir mübadiləsi şəraitində keçirilmiş seminar-müşavirələrdə “Yeni Azərbaycan” təşviqat qrupunun qarşısında duran vəzifələr və görüləcək işlər barədə də danışılmışdır.
“Yeni Azərbaycan” təşviqat qrupunun vəkili, MM-in deputatı Fəttah Heydərov, MM-in deputatı Hikmət Atayev və təşviqat qrupunun digər təmsilçiləri seminar-müşavirələrdə iştirak etmişlər.