İQTİSADİYYAT
“Yeni Həyat” MTK ilə ABŞ-ın “NAİ Qlobal” kampaniyası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır
Bakı, 7 dekabr (AZƏRTAC). Dekabrın 7-də “Excelsior” otelində “Yeni Həyat” MTK ilə daşınmaz əmlakın idarə edilməsi sahəsinin liderlərindən biri - ABŞ-ın “NAİ Qlobal” kampaniyası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, “NAİ Qlobal” kampaniyasının nümayəndəsi Devid Qodçaxs təmsil etdiyi qurumun Rusiyadan sonra məhz Azərbaycanda –“Yeni Həyat” MTK ilə işbirliyi qurmasını əlamətdar hadisə kimi dəyərləndirmişdir.
Qurum barədə məlumat verən D.Qodçaxs bildirmişdir ki, şirkətin bu gün dünyanın 55 ölkəsində 350 ofisi fəaliyyət göstərir. Bu, Rusiya da daxil olmaqla 6 min işçi deməkdir. İllik dövriyyəsi 45-50 milyard ABŞ dolları həcmində olan təşkilat 200 milyon kvadratmetr sahəyə xidmət edir. Afrika istisna olmaqla şirkət dünyanın bütün qitələrində xidmətlərini göstərir.
Kampaniyanın göstərdiyi xidmətlərlə bağlı məlumat verən D.Qodçaxs demişdir ki, qurum daşınmaz əmlak sahəsində, istər yaşayış, istərsə də inzibati və kommersiya tipli binalarda geniş çeşidli xidmətlər təklif edir. Onların sırasına məşvərət, brokerlik, investisiya tipli məsləhət xarakterli xidmətlər, təhlükəsizlik məsələləri və s. daxildir. Bunlardan ən mühümü isə binaların – obyektlərin idarə edilməsidir. Bütün bu xidmətlər yüksək keyfiyyətinə görə fərqlənir.
“Yeni Həyat” şirkəti ilə əməkdaşlıq münasibətləri qurmağın səbəblərini açıqlayan D.Qodçaxs bunu Azərbaycanda gedən iqtisadi inkişafla, respublikanın regionun ən stabil ölkəsi olması, eləcə də strateji mövqeyi ilə əlaqələndirmişdir. Həmçinin demişdir ki, indi Avropada tüğyan edən maliyyə böhranı bir sıra tanınmış şirkətləri iqtisadi cəhətdən stabil ölkələrə üz tutmağa vadar edir.
“Yeni Həyat” MTK-nın direktoru Rahim Qədirov rəhbərlik etdiyi tikiniti şirkətinin fəaliyyəti ilə bağlı geniş məlumat vermişdir. Bildirmişdir ki, 2002-ci ildə təsis edilmiş MTK paytaxtın ən böyük tikinti şirkətlərindəndir. Şirkətin memarlarının, layihəçilərin və inşaatçıların yüksək peşəkarlığı ona hər cür mürəkkəb və funksional təyinatlı binaların tikintisini həyata keçirməyə imkan verir. Ən son layihə olan “Yeni Həyat City” bunun bariz nümunəsidir. Bu layihə yaşayış binasını, biznes və ticarət mərkəzini özündə birləşdirən nəhəng bir kompleksdir. Başlıca məqsəd şirkəti inşaat sektorunun aparıcı təşkilatı etməklə müştərilərin tələblərinə cavab verməkdir.
Sonda “Yeni Həyat” MTK ilə “NAİ Qlobal” kampaniyası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.