İQTİSADİYYAT
Yeni poçt markaları dövriyyəyə buraxılmışdır
Bakı, 21 yanvar (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti “2014 – At ili”nə həsr edilmiş marka seriyasını təqdim etmişdir.
AZƏRTAC xəbər verir ki, seriyaya 4 poçt markası daxildir. Üzərində at şəklinin təsvir olunduğu markaların hər birinin dəyəri 20 qəpikdir. Eyni zamanda, “XXII Qış Olimpiya Oyunları – Soçi 2014” marka seriyası çap olunmuşdur. Seriyada yer alan dağ-xizək, şaybalı xokkey, konkisürmə və fiqurlu konkisürmə idman növlərinə dair markaların nominal dəyəri müvafiq olaraq 20, 30, 50 və 60 qəpiyə bərabərdir.
Bundan əlavə, ötən il keçirilən şahmat üzrə Avropa komanda çempionatında Azərbaycan milli komandasının qələbəsinə həsr edilmiş “Azərbaycan – şahmat üzrə Avropa çempionu 2013” markası buraxılmışdır. Markanın nominal dəyəri 1 manat məbləğində müəyyən edilmişdir.