İQTİSADİYYAT
Yeni şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
Bakı, 31 mart, AZƏRTAC
Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni avtobus marşrutları ilə bağlı müsabiqə elan edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Horadiz (Füzuli)-Bakı, Bakı-Sabirabad-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil edilir.
Müsabiqə şərtlərinə əsasən, Bakı-Horadiz (Füzuli)-Bakı istiqaməti üzrə daşıyıcıların ən azı 3, Bakı-Sabirabad-Bakı istiqaməti üzrə 2 orta və iri tutumlu avtobusu olmalıdır.
İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri aprelin 29-u saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə mayın 13-ü saat 17:00-dək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim etməlidirlər.
İddiaçıların təkliflər paketini mayın 26-sı müsabiqə keçirilən zaman komissiya üzvləri açacaqlar. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.