SİYASƏT
Yerdəyişmə azadlığı sərhədləri pozmaq azadlığı deyildir
Bakı, 30 mart (AZƏRTAC). Yerevanın Azərbaycanın işğal olunmuş ərazisində oturtduğu, qanunsuz şəkildə sahib olduğu iş otağının qapısından “DQR-in baş naziri” sözləri yazılmış lövhə asılmış Ara-Arutyunyan adlı əlaltısı Yerevan-Xankəndi aviareysinin açılmasının yeni tarixini bəyan etmişdir. Onun sözlərinə görə, bu, “artıq elə bu yaz” baş verə bilər.
A.Arutyunyan demişdir: “Stepanakert aeroportu (Xocalı aeroportu) məsələsi siyasi deyil, insani nöqteyi-nəzərdən həll edilməlidir, çünki insanların istər quru yolla, istərsə də hava yolu ilə azad yerdəyişmə hüququ vardır”.
İrandan Azərbaycanın Qarabağ xanlığına köçürülmüş etnik ermənilərin nəslindən olan erməni kollaborasionisti doğma şəhəri tərk etməyə çalışan dinc azərbaycanlı qaçqınların pusqulardan gülləbaran edilməsinin hansı nöqteyi-nəzərdən - insani, siyasi, yaxud hər hansı başqa nöqteyi-nəzərdən olduğunu dəqiqləşdirməmişdir, halbuki hazırda elə həmin qatillər bu şəhərin kənarında “insani ehtiyaclar” üçün bərpa edilmiş Xocalı aeroportunu açmağı planlaşdırırlar.
Amma yerdəyişmə azadlığı barədə dəlillə razılaşmamaq mümkün deyildir. Həqiqətən də Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni icmasının bu hüquqdan istifadə edib hara istəsə uçmaq haqqı vardır, lakin Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən qoyulmuş nəzarət-buraxılış məntəqələrindən və lazımi pasport nəzarətindən yan keçmədən. Yerdəyişmə azadlığı sərhədləri pozmaq və ağlına harada gəldi orada sərhədi keçmək azadlığını nəzərdə tutmur. Belə qayda dünyanın heç bir yerində yoxdur. Əgər varsa, qoy həmin ölkənin adını açıqlasınlar.
Son illər Azərbaycanda - Lənkəran, Naxçıvan, Qəbələ, Zaqatalada komfortlu aeroportlar inşa edilmişdir. Azərbaycan vətəndaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında sərhəd nəzarəti xidmətinin müvafiq formal prosedurlarından keçərək dünyanın istənilən nöqtəsinə uça bilərlər. Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan erməni millətindən olan vətəndaşları da öz yerdəyişmə hüququndan eynən istifadə edə bilərlər. Lütfən, istədiyiniz qədər uçun, lakin sərhədi və qanunları pozmayın. Azərbaycan hökuməti günü sabah Xankəndi-Bakı reysi açmağa və dünyanın istənilən nöqtəsinə səyahət etmələri üçün Dağlıq Qarabağ regionu ermənilərinə Azərbaycanın şəxsiyyət vəsiqələrini və xarici pasportlarını təqdim etməyə hazırdır. Onları bu hüququndan heç kəs məhrum etmir, ən azı Azərbaycan tərəfindən (əslində, onları bu hüquqdan Qarabağdakı qanunsuz işğalçı-oyuncaq xunta məhrum edir. Yeri gəlmişkən, yerdəyişmə azadlığı barədə təmtəraqlı fikirlər yürüdən Arutyunyanın özü də elə həmin xuntanın xidmətindədir).
Lakin Azərbaycan hökuməti özünün suveren hava məkanının, eləcə də onun bir hissəsi olan və bütün dünya tərəfindən həmin qisimdə tanınmış Dağlıq Qarabağ regionu səmasının pozulmasına heç vaxt imkan verməyəcəkdir. Bütün pozuntu hallarının qarşısı Çikaqo Konvensiyasına tam müvafiq şəkildə alınacaqdır. Şübhə etmirik ki, heç bir ölkə, o cümlədən bu bədnam aeroportla bağlı isterikası ilə hamının lap zəhləsini tökmüş Ermənistanın özü də belə bir vəziyyətlə əsla barışa bilməz.
Sonda vətəndaşların, xüsusən, öz dövləti daxilində sərbəst yerdəyişməsi barədə Ara Arutyunyanla bir daha razılaşmaq istərdim. Ümidvarıq ki, o, bir milyondan çox azərbaycanlının Şuşa, Kərkicahan, Xocalı və s. yerlərdəki ev-eşiklərinə qayıtmaq və öz dövlətində yaşamaq üçün bu azadlıqdan tezliklə istifadə etmələrinə elə bir etiraz etməyəcəkdir. Bəli, bəli - məhz insani nöqteyi-nəzərdən! Arutyunyan qarabağlıların yerdəyişmə azadlığından danışmamışdan əvvəl, qoy sübut etsin ki, özü həmin dəyərlərin tərəfdarıdır və qarabağlıların ev-eşiklərinə qayıtmaları üçün tədbirlər görəcəkdir. Yoxsa, yerdəyişmə azadlığı hüququ universal deyil, yalnız ayrı-ayrılıqda götürülmüş etnosların imtiyazıdır?
Hərgah Arutyunyan buna cavab olaraq bədahətən Bakı, Gəncə, Şamaxı, başqa şəhər və kəndlərin keçmiş sakinləri olan erməniləri xatırlayıb onların azad şəkildə Azərbaycana qayıtmaları hüququ barədə danışsa, onda da problem olmayacaqdır. Azərbaycan onlar üçün bütöv bir komfortlu mikrorayon inşa etməyə hazırdır, 250 min Azərbaycan qaçqınının və onların nəsillərinin paralel olaraq Yerevan, Zəngəzur, Şərqi Göyçə, Amasiya, Vedibasar vadisi və s. - əlqərəz, Ermənistanda qovulduqları yurd-yuvalarına qayıtmaları şərti ilə.
Qarabağda təkcə əhalinin erməni hissəsi deyil, bütün qarabağlılar yaşamalıdırlar. Qaçqınların Dağlıq Qarabağın hüdudlarından kənarda öz yurd-yuvalarına qayıtmaları isə birtərəfli deyil, universal xarakter daşımalıdır.